Konu 5

Daşqın: Nuhun Hekayəsi
Yaradılış 6:9 – 9:17

Yaradılış 6:9-22

 9 Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Tanrıyla bir yol
gedirdi. 10 Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs.
 11 Ancaq Tanrıın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. 12 Tanrı yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı. 13 Tanrı Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm. 14 Özünə qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur. 15 Gəmini belə düzəlt: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac olsun. 16 Gəminin üstündən bir qulac aşağı pəncərə açarsan və qapısını yan tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri altda, biri ortada, biri də üstdə. 17 Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. 18 Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. 19 Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın.

 20 Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın. 21 Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun».

 22 Nuh hər şeyi etdi: Tanrı ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.

Yaradılış 7:1-24

 1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. 2 Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür. 3 Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür. 4 Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». 5 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. 6 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 7 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 8 Tanrıın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 9 erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 10 Yeddi gün sonra yer üzündə daşqın oldu. 11 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 12 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı. 13 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 14 Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: 15 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 16 Tanrıın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü. 17 Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı.

 18 Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. 19 Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. 20 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. 21 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 22 Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 23 Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 24 Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.

Yaradılış 8:1-22

 1 Tanrı Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Tanrı yer üzünə külək göndərdi və su azalmağa başladı. 2 Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. 3 Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. 4 Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. 5 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü. 6 Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb 7 bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. 8 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib çəkilmədiyini bilsin. 9 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 10 O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. 11 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 12 O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı. 13 Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 14 İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu. 15 Tanrı Nuha dedi: 16 «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17 Səninlə birgə olan bütün canlıları– quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». 18 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 19 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər. 20 Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. 21 Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün çanlıları bir daha məhv etməyəçəyəm.
 22 Dünya durduqca əkin-biçin, isti-soyuq, yay-qış və gecə-gündüz sona yetməyəcək».

Yaradılış 9:1-17

 1 Tanrı Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. 2 Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib. 3 Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm. 4 Ancaq əti onun canı olan qanla birgə yeməyin.

 5 Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan –qardaşının canını alan hər kəsdən əvəzini alacağam.

 6 Kim insan qanı töksə, Onun da qanı insan əli ilə töküləcək. Çünki Tanrı insanı Öz surətinə görə yaradıb. 7 Siz törəyib çoxalın,yer üzünə yayılın,orada çoxalın». 8 Tanrı Nuha və yanında olan oğullarına dedi:

 9 «Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, 10 gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. 11 Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». 12 Tanrı yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: 13 buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. 14 Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. 15 Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək. 16 Buludda göy qurşağı olacaq. Mən Tanrı onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».
 17 Tanrı yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur».

Sorular:

  • Fəsli oxuyarkən ürəyinizdə hansı hisslər yarandı?

  • Niyə Tanrı dünyaya Daşqın göndərmək istədi?

  • Tanrı neçə nəfəri haqlı çıxardı? (7:1)

  • Nuhla birlikdə gəmidə neçə nəfər xilas oldu?

  • Gəminin qapısı kimin üçün açıq idi?

  • Bu fəsildə ‘pak qurban’ və Tanrının ‘pak qurban’a necə cavab verməsi haqqında nə öyrənirik? (8:20-21)

  • Tanrıın Nuhla bağladığı əhdi kimə aiddir? (9:12-17)