Konu 6

İbrahim (İbram)
Yaradılış 12:1-9 və 15:1-7

Yaradılış 12:1-9

 1 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. 2 Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. 3 Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». 4 İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi. 5 İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. 6 İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. 7 Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. 8 Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi. 9 İbram tədricən cənuba doğru hərəkət edirdi.

Yaradılış 15:1-7

 1 Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 2 İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». 3 İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». 4 Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». 5 Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 6 İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. 7 Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm».

Sorular:

  • Tanrı haqqında nə öyrənirik?

  • İnsanlar haqqında nə öyrənirik?

  • İbram Tanrıdan hansı vədləri aldı?

  • İbram vədlərini almaq üçün nədən imtina etməli idi?

  • İbramın imanına görə Rəbbin onu saleh sayması, bizim də Tanrıdan lütf ala bilməyimiz ücün bizə nəyi öyrədir? (15:6)

  • Sizə açılanları kiminlə bölüşmək istərdiniz?