Konu 11

Tanrıın Xalqı Olmaq
Çıxış 19:1-25 və 20:1-21 və 24:1-11

Çıxış 19:1-25

 1 İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər. 2 Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. 3 Musa isə dağa – Tanrının hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə: 4 “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. 5 İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; 6 siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə». 7 Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu. 8 Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Musa xalqın cavabını Rəbbə çatdırdı. 9 Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı. 10 Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. 11 Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. 12 Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir. 13 Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər”». 14 Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi. Onlar paltarlarını yudular. 15 Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq etməyin». 16 Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. 17 Tanrını qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. 18 Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. 19 Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Tanrı ona səslə cavab verirdi. 20 Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı. 21 Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar. 22 Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın». 23 Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin». 24 Rəbb ona dedi: «Düş get. Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar». 25 Musa xalqın yanına enib bunu onlara söylədi.

Çıxış 20:1-21

 1 Tanrı bütün bu sözləri belə söylədi: 2 «Səni Misir torpağından, köləlik diyarından çıxaran Tanrın Rəbb Mənəm. 3 Məndən başqa Tanrıların olmasın. 4 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. 5 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Tanrın Rəbb, qısqanc Tanrıyam. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. 6 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. 7 Tanrı Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. 8 Şənbə gününü yadda saxlayıb təqdis et. 9 Altı gün çalışıb bütün işlərini gör. 10 Lakin yeddinci gün Tanrının Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. 11 Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. 12 Ata-anana hörmət et ki, Tanrın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. 13 Qətl etmə. 14 Zina etmə. 15 Oğurluq etmə. 16 Heç kimə qarşı yalandan şahidlik etmə. 17 Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma». 18 Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. 19 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Tanrı bizimlə danışmasın, yoxsa ölərik». 20 Musa xalqa dedi: «Qorxmayın, Tanrı ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». 21 Xalq uzaqda duranda Musa orada Tanrının olduğu qatı qaranlığa yaxınlaşdı.

Çıxış 24:1-11

 1 Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. 2 Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın». 3 Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». 4 Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. 5 Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. 6 Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. 7 O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» 8 Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». 9 Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, 10 İsrailin Tanrısını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi. 11 Tanrı İsrailin başçılarına əl qaldırmadı; onlar Tanrını gördülər və yeyib-içdilər.

Sorular:

  • Tanrının xalqı olmaq üçünTanrı onlara hansı şərtləri qoydu?

  • Tanrının xalqı olmaq əhdinə nə daxildir?

  • Verilən əmrlərin arxasında hansı prinsip dayanır?

  • Fəsildə əməl etməli olduğumuz əmrlər varmı?

  • Sizə açılanları kiminlə bölüşmək istərdiniz?