Konu 10

Köləlikdən Kurtuluşa Misirdan
Çıxış 1:1-14 və 2:23-25 və
4:29-31 və 5:1-3 və 6:1-8 və
11:1-10 və 12:21-42

Çıxış 1:1-14

 1 Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi: 2 Ruven, Şimeon, Levi, Yəhuda, 3 İssakar, Zevulun, Binyamin, 4 Dan, Naftali, Qad, Aşer, 5 Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi. 6 Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü. 7 Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar qüvvətləndi; ölkə onlarla doldu. 8 Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 9 O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir. 10 Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər». 11 Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. 12 Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub, 13 onları sıxıntılı əsarətdə saxladılar. 14 Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.

Çıxış 2:23-25

 23 Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Tanrıya çatdı. 24 Tanrı onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. 25 Tanrı İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı.

Çıxış 4:29-31

 29 Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar. 30 Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. 31 Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib Ona səcdə etdilər.

Çıxış 5:1-3

 1 Musa və Harun gəlib firona dedilər: «İsrailin Tanrısı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!” » 2 Firon dedi: «Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram». 3 Onlar dedilər: «İbranilərin Tanrısı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Tanrıımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin yaxud da qılıncla məhv etməsin».

Çıxış 6:1-8

 1 Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq». 2 Sonra Tanrı Musaya dedi: «Mən Rəbbəm. 3 Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Tanrı adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım. 4 Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim. 5 İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım. 6 Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. 7 Sizi Özümə xalq edəcəyəm və sizin Tanrıınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Tanrıınız Rəbb Mənəm. 8 Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm”».

Çıxış 11:1-10

 1 Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq. 2 Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin». 3 Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi. 4 Musa dedi: «Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm; 5 Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. 6 Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. 7 Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”. 8 Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı. 9 Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq». 10 Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı.

Çıxış 12:21-42

 21 Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin. 22 Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. 23 Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. 24 Buna özünüz və övladlarınız üçün əbədi qayda kimi həmişə riayət edin. 25 Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz. 26 Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman 27 onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi. 28 Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər.

 29 Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. 30 O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. 31 Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin. 32 Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin». 33 Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik». 34 Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı. 35 İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər. 36 Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular.

 37 İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. 38 Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı. 39 Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər. 40 İsrail övladlarının Misirdə yaşadığı müddət dörd yüz otuz il olmuşdu. 41 Məhz bu dörd yüz otuz il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı. 42 Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər.

Sorular:

  • Tanrı haqqında nə öyrənirik?

  • Misir xalqı haqqında nə öyrənirik?

  • İsrail xalqı haqqında nə öyrənirik?

  • İsrail xalqının ailələri üçün ödənilən qiymət nə idi? (12:21-23)

  • Pasxa qurbanı İsrail xalqına nə verdi? Həqiqi qurbanın nə təmin etdiyi haqqında burada nə öyrənirik?