Konu 6

İsa Məsihin Doğuluşu
Matta 1:18-25 və Luka 1:27-38 və
Luka 2:1-20

Matta 1:18-25

 18 İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19 Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20 Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21 Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22 Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23 «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Tanrı bizimlədir» deməkdir. 24 Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25 Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu

Luka 1:27-38

 27 Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. 28 Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». 29 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 30 Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Tanrının lütfünə nail oldun. 31 Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32 O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Tanrı Ona atası Davudun taxtını verəcək. 33 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». 34 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». 35 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Tanrının Oğlu adlanacaq. 36 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 37 Çünki Tanrı üçün mümkün olmayan şey yoxdur». 38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.

Luka 2:1-20

  O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi. Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi. Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı. Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı. O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. 10 Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. 11 Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. 12 Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız». 13 Qəflətən mələyin yanında Tanrıya həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi: 14 «Ən ucalarda Tanrıya izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!» 15Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək». 16 Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. 17 Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. 18 Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. 19 Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. 20 Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Tanrını izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.

Sorular:

  • Fəsildəki personajlar nə hiss edirdilər?

  • İsa Məsih doğulanda baş verən qeyri-adi hadisələr hansılardır?

  • Məryəmə övladının doğulması ilə bağlı hansı vədlər verildi?