Konu 7

İsa Məsih və Vəftizçi Yəhya
Matta 3:1-17 və Yəhya 1:29-34

Matta 3:1-17

 1 O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2 O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3 Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”».

 4 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5 Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6 Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7 Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8 İndi isə tövbəyə layiq bəhrə verin. 9 Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Tanrı bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10 Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11 Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12 Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».

 13 O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14 Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15 İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16 İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Tanrıın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17 Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».

Yəhya 1:29-34

 29 Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30 “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31 Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32 Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33 Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34 Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».

Sorular:

  • Vəftizçi Yəhya Tanrıdan hansı tapşırığı almışdı?

  • Vəftizçi Yəhya özündən sonra gələn insan haqqında nə dedi? (Matta 3:11)?

  • Vəftizçi Yəhya İsa Məsih haqqında başqa nələr dedi?

  • Tövbə bizə nə gətirəcək? Tövbə etməliyikmi?