Konu 4

Günahın Davamı
Yaradılış 4:1-16

 1 Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». 2 Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi. 3 Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Tanrıya təqdim gətirdi. 4 Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, 5 ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. 6 Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? 7 Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». 8 Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.  9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10 Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.

 16 Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.

Sorular:

  • Bu fəsildəki personajlar nə hiss etdilər?

  • Qabil təqdimini rədd edəndən sonra Tanrı onunla nə danışdı və bu söhbət bizə «saleh qurban» haqqında nə öyrədir? (4:6-7)

  • Tanrı Qabildən «Qardaşın Habil haradadır?» deyə soruşduqda Qabil Tanrıya necə cavab verdi və nəticəsi nə oldu?

  • Bu fəsil bizə paxıllığın insanlara təsiri haqqında nə öyrədir?

  • Bizə açılanları kiminlə bölüşməliyik?