Konu 1

Dünyanın Yaradılması
Yaradılış 1

 1 Başlanğıcda Tanrı göyləri və yeri yaratdı. 2 Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Tanrının Ruhu suların üzərində dolaşırdı. 3 Tanrı dedi: «Qoy işıq olsun». İşıq oldu. 4 Tanrı gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı.
 5 Tanrı işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. 6 Sonra Tanrı dedi: «Qoy suların arasında bir qübbə olsun və suları birbirindən ayırsın». 7 Tanrı qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. 8 Tanrı qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. 9 Sonra Tanrı dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsınki, quru görünsün». Belə də oldu. 10 Tanrı qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Tanrı gördü ki, bu, yaxşıdır. 11 Sonra Tanrı dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 12 Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Tanrı gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi. 14 Sonra Tanrı dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 15 Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 16 Tanrı iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. 17 Tanrı onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, 18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Tanrı gördü ki, bu, yaxşıdır. 19 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. 20 Sonra Tanrı dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun».
 21 Tanrı nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Tanrı gördü ki, bu, yaxşıdır. 22 Tanrı onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. 24 Sonra Tanrı dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 25 Tanrı hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Tanrı gördü ki, bu, yaxşıdır. 26  Sonra Tanrı dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki
heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». 27 Tanrı insanı Öz surətində yaratdı, Tanrının surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 28 Tanrı onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 29 Tanrı dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhrələrini sizə verirəm ki, qidalanasınız. 30 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. 31 Tanrı gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.

Sorular:

  • Tanrı haqqında nə öyrənirik?

  • İnsan haqqında nə öyrənirik?