Konu 10

İsa Məsihin Ölümü və Dirilməsi
Mark 14:1-72 və Mark 15:1-47 və
Mark 16:1-20

Mark 14:1-72

 1 Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar.

 2 Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».

 3 İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü.

 Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur?

 Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar.

 Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.

 Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam.

 Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.

 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».

 10 O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi.

 11 Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

 12 Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»

 13 İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin.

 14 O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”

 15 Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».

 16 Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.

 17 Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.

 18 Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».

 19 Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»

 20 İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.

 21 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».

 22 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».”

 23 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi.

 24 İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.

 25 Sizə doğrusunu deyirəm: Tanrının Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».

 26 Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

 27 İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”.

 28 Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».

 29 Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm».

 30 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».

 31 Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

 32 Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın».

 33 O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı.

 34 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».

 35 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin.

 36 O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».

 37 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin?

 38 Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».

 39 İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi.

 40 Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər.

 41 İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur.”

 42 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»

 43 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi.

 44 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın».

 45 O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü.

 46 Yanındakı adamlar əl atıb İsanı tutdular.

 47 İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.

 48 İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz?

 49 Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin».

 50 Onda hamı İsanı atıb qaçdı.

 51 Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar.

 52 Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.

 53 İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı.

 54 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.

 55 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər.

 56 Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi.

 57 Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər:

 58 «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”».

 59 Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.

 60 Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»

 61 Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»

 62 İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz».

 63 Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var?

 64 Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.

 65 Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.

 66 Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi.

 67 Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin».

 68 Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı.

 69 Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır».

 70 Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan».

 71 Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram».

 72 Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.”

Mark 15:1-47

 1 Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər.

 2 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».

 3 Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər.

 Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!»

 Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.

 Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi.

 Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu.

 Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin.

 Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?»

 10 Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi.

 11 Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.

 12 Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?»

 13 «Onu çarmıxa çək!» deyə yenə bağırdılar.

 14 Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar.

 15 Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

 16 Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar.

 17 Ona tünd nqırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular.

 18 «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar.

 19 Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar.

 20 Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.

 21 O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.

 22 İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir.

 23 Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi.

 24 İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər.

 25 Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər.

 26 Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı».

 27 Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər.

 29 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən!

 30 İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.

 31 Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir!

 32 İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.

 33 Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.

 34 Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şavaqtani?» Bu «Ey Tanrıım, Tanrıım, niyə Məni tərk etdin?» deməkdir.

 35 Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır».

 36 Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?»

 37 İsa uca səslə qışqırıb son nəfəsini verdi.

 38 O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.

 39 İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Tanrının Oğlu idi» dedi.

 40 Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi.

 41 İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.

 42 O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə

 43 Ali Şuranın hörmətli üzvlərindən biri olan, Tanrının Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi.

 44 Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?»

 45 Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi.

 46 Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı.

 47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.”

Mark 16:1-20

 1 Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.

 2 Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.

 3 Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»

 Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.

 Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.

 Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.

 İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».

 Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.

 İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.

 10 Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.

 11 Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.

 12 Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.

 13 Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.

 14 Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.

 15 İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.

 16 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.

 17 İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,

 18 ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».

 19 Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Tanrının sağında oturdu.

 20 Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.”

Sorular:

  • İsa Məsih haqqında nə öyrənirik?

  • Fəsli oxuyarkən sən nələri hiss etdin?

  • Şagirdlər İsa Məsihin dirilməsini biləndə necə reaksiya verdilər?

  • Bu parçada nümunə götürdüyünüz nəsə və ya kimsə varmı?

  • Sizcə, İsa Məsihin verdiyi son əmri həyatınızda tətbiq etməlisinizmi? (15-18)

  • Öyrəndiklərinizi kiminlə bölüşmək istərdiniz?